Azərbaycan Sığortaçılar Assosiasiyası daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlara xəbərdarlıq edib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev mediaya açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığorta ilə bağlı müddəti bitmək üzrə olan müqavilələr qanunvericiliyə görə yenilənməlidir:
“Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu növ məcburi olaraq tətbiq edilir. Ötən ilin sonunda bu sığorta növü üzrə ciddi təbliğat işləri aparıldı və nəticədə əhalinin böyük bir hissəsi daşınmaz əmlakını sığortaladı. Sığorta müqavilələrinin müddətinin 1 il olduğunu nəzərə alsaq, ötən ilin sonunda bağlanmış müqavilələrin müddəti bu günlərdə bitmək üzrədir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq vətəndaşlara və sahibkarlara bildirmək istəyirik ki, bu müqavilələrin müddəti növbəti dövr üzrə mütləq şəkildə uzadılmalıdır. Əks təqdirdə vətəndaşlar müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər”.
İcraçı direktor onu da qeyd edib ki, başa çatmaqda olan cari il ərzində təkcə yanvar-sentyabr ayları üzrə daşınmaz əmlakın icbari sığortası növü çərçivəsində baş verən hadisələrə görə sığorta şirkətləri tərəfindən əhaliyə 3.4 milyon manat sığorta ödənişi verilib.
Mənbə: Fins.az