Bu gün ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC yaranmasının 10 illik yubileyini qeyd edir. Şirkət 10 illik yubileyi münasibətilə şəhid ailələrinə dəstək məqsədilə 100.000 manatlıq vəsait ayırıb.
Belə ki, “PAŞA Həyat Sığorta” şirkəti yubileyi münasibətilə şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə ümumi məbləği 100.000 AZN olan dəstək vəsaiti köçürüb.
Qeyd edək ki, “PAŞA Həyat” ikinci Qarabağ müharibəsi başlayan gündən ön və arxa cəbhədə vuruşan döyüşçülərin yanında olub. Şirkət bir hərbi hospitalı paltaryuyan maşınlarla, ordumuzu isə bir neçə işıq generatorları ilə təchiz edib. Bundan əlavə, Şirkət əməkdaşları tərəfindən Silahlı Qüvvələrə Dəstək Fonduna müxtəlif ianələr olunub, eləcə də Ermənistanın cəbhəyani rayonlarımıza hücumlarından zərər çəkərək, Bərdədə məskunlaşan məcburi köçkün ailələrinə yardımlar aparılıb.
“Həm şirkətimizin qurucuları, həm də kollektivimiz Vətənimizin bütövlüyü və qalibiyyəti uğrunda şəhidlik zirvəsinə ucalan döyüşçülərimizin ailələrinə dəstək olmağı mənəvi borcu kimi görür” – İdarə Heyətinin sədri Niyaz İsmayılov vurğulayıb. Şirkət rəhbərliyi “PAŞA Həyat” şirkətinin bundan sonra da şəhid ailələrinin və müharibə iştirakçılarının firavan yaşaması üçün əlindən gələni edəcəyini bildirib.
Biz varıq, çünki Vətən var. Vətən var, çünki onu qoruyan, onun yaşaması üçün canından keçən qəhrəmanlar var. Ruhunuz qarşısında baş əyirik!