preloader gif

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub .


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari Əmlak
12:13 17.04.2024

Bakı Konqres Mərkəzində Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Türkiyə tərəfindən “InsurTech Hub”ın təşkilatçılığı ilə ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda keyfiyyətcə yeni dövrə qədəm qoyub. Sığorta bazarının inkişafı ilə bağlı həyata keçirilən layihələr əhalinin rifahına töhfə vermək məqsədi daşıyır. O qeyd edib ki, toplantının əsas məqsədi Türkiyə sığorta şirkətlərinin rəqəmsallaşma sahəsindəki təcrübələrini öyrənmək və Türkiyənin sektor lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına töhfə verməkdir. T.Kazımovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hazırda özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Bu dövrdə özəl sektorun təşəbbüsləri və dövlət-özəl sektoru əməkdaşlığı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın rəqəmsal siyasətlə, innovasiyalarla bağlı növbəti illər üçün dövlət strategiyasının istiqamətlərini açıqlayıb. “Dövlətin strategiyası üç əsas istiqamət üzərində qurulub. Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir. Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək. Ölkəmizdə bu istiqamətdə bir sıra işlər aparılır, layihələr gerçəkləşdirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda sığortanın inkişafı, insanlar arasında bu sahəyə inam yaratmaq və maliyyə sistemində sığortanın davamlılığını təmin etmək bizim əsas fəaliyyət istiqamətlərimizdəndir: “Ölkəmizdə həyata keçirilən rəqəmsallaşma prosesində sığorta sahəsinin də yer alması olduqca önəmlidir. Lakin bu prosesdə təhlükəsizlik məsələləri ön planda nəzərdə tutulmalıdır. Nəzərə alsaq ki, Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır, bu baxımdan kibertəhlükəsizlik çox önəmli rol oynayır və daim diqqət mərkəzində saxlanılmalıdır”.

Türkiyənin Sığorta, Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin sədri Davut Menteş deyib ki, bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvə” toplantısı Azərbaycanla Türkiyə arasında sığorta sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, iki ölkə arasında Sığorta Şirkətləri Birliyi 2020-ci ildə keçirilən zirvə toplantısı zamanı qurulub. “2022-ci ilin may ayında Türk Dövlətləri Sığorta Şirkətləri Birliyi təsis olundu. Bu gün keçirilən toplantını 2020-ci ildən başlayan işlərin növbəti addımı kimi qəbul edirəm. Türkiyədə mövcud Sığorta Şirkətləri Birliyi kimi bir təşkilatın Azərbaycanda da yaradılması və inkişaf etdirilməsi planlaşdırılır. Türkiyədən 80-dək sığorta nümayəndəsi Bakıya gəlib. Onlardan 15-i şirkət nümayəndələri, 15-i isə “insurtech” startap təsisçiləridir", - deyə Davut Menteş bildirib.

Zirvə çərçivəsində Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyevin və türkiyəli mütəxəssis Fatih Acerin sığorta sektorunun təhlilinə dair təqdimatları nümayiş etdirilib. Həmçinin Azərbaycan və Türkiyə panelləri üzrə təşkil olunacaq müzakirələrdə qardaş ölkələrin mütəxəssisləri təcrübə mübadiləsi aparıblar.

SIĞORTANI İNDİ ƏLDƏ ET