Bakının yollarında tıxacların yaranmasının səbəblərindən biri kimi sürücülərin dayanma və durma qaydalarını pozması göstərilir.
Avtomobil sahibləri bu pozuntuya görə 40 manat cərimələnsə də, yollarda hələ də nizam-intizama nail olunmayıb.
Bəzi sürücülər maşınlarını yolların ikinci zolağında belə saxlayır, düzgün park etmir, bir sözlə, dayanma və durma qaydalarını pozurlar. Son nəticədə paytaxtda tıxac problemi getdikcə daha geniş vüsət alır.
Bu günlərdə məlum olub ki, dayanma və durma qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur. Müvafiq qanun layihəsində dayanma və durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və yaxud videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən olunması əksini tapıb.
Bəs dayanma və durma qaydalarının pozulmasına qarşı mexanizm niyə dəyişdirilir? Fins.az xəbər verir ki, "Report" mövzunu nəqliyyat üzrə ekspertlərlə müzakirə edib.
Onlardan biri - Eldəniz Cəfərov deyib ki, indiyə qədər yol polisi dayanma və durma qaydalarının pozulması hallarını əsasən planşet vasitəsilə çəkib sürücüləri cərimələyib: "Bu zaman avtomobilin dayandığı ərazinin və salonun fotosu çəkilirdi ki, onun içində sürücü və yaxud sərnişinin olmadığı isbat edilsin. Sözügedən dəyişikliklə artıq dayanma və durma qaydalarının pozulması hallarına görə təkcə planşetlə deyil, yollarda quraşdırılan stasionar kameralar və Dövlət Yol Polisinin maşınlarının üzərindəki xüsusi qurğular vasitəsilə də foto və video çəkiliş aparılaraq cərimə tətbiq edilməsi qanuni olacaq".
Onun sözlərinə görə, belə dəyişikliklərlə paralel sürücülərin hüquqlarının təminatı istiqamətində də işlər görülməlidir: “Bu istiqamətdə görülməli əsas işlərdən biri də parklanma yerlərinin təşkil olunmasıdır. Bakıda parklanma yerləri ilə bağlı vəziyyət çox acınacaqlıdır. Dövlətin balansında olan parklanma yerlərinin ünvanı nədənsə sürücülərdən gizlədilir. Sürücülər haqlı olaraq parklanma yerlərinin təşkil edilməsini tələb edə bilər. Bu məsələ dövlət proqramında da əksini tapıb. Eyni zamanda, şəhərsalma və arxitektura qaydalarına görə də bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerləri olmalıdır".
Digər ekspert Yasin Mustafayevin fikrincə, qanuna dəyişiklik Bakıda tıxacları azalda bilər: “Bakıda elə ərazilər var ki, orda dayanma və durma qaydalarının pozulması hərəkəti demək olar iflic edir. Müvafiq qurumlar problemin həllində çətinlik çəkir. Sözügedən qərar isə müxtəlif avadanlıqlar vasitəsilə foto və video çəkərək elektron protokolun tərtib edilməsini qanuniləşdirir. Bu addım vəziyyətdən çıxış yolu kimi müsbət dəyərləndirilə bilər. Yəni indi dayanma və durma qaydalarını pozan sürücülər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Düşünürəm ki, bu dəyişikliyin tətbiqindən sonra şəhərin müəyyən ərazilərində bu qaydalara riayət etməklə bağlı ciddi dəyişikliklər baş verəcək”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bəzi başqa məqamlara aydınlıq gətirilmədən dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq: “Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində dayanma və durmanın qadağan edilməsi məsələsində çoxlu anlaşılmazlıqlar var. Minlərlə yol sahəsi var ki, orada belə bir qadağanın olduğu qeyri-müəyyəndir. Hətta ən peşəkar və diqqətli sürücü də bu səbəbdən səhv edə bilər. Söhbət xüsusən 3.27 və 3.28 nişanlarının qoyulması və onların qüvvədə olma sahəsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi hələ çox tezdir. Bu, çox mübahisələr yaradacaq. İndiki mərhələdə elektron qərarla rəsmiləşdirmə dayanma və durma qaydalarını pozmanın ən aşkar və heç bir mübahisə doğurmayan hallarına görə, yəni ikinci və sonrakı cərgələrdə dayanmaya, səkilərdə, piyada keçidlərində, yolayrıcında kəsişmə yerində dayanmaya görə tətbiq edilsə, daha doğru olar”.
Mənbə: Fins.az